Bəşər Əsədin anası Ənisə Mahluf Əsəd 86 yaşında dünyasını dəyişib. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, bu barədə Suriya prezidentinin saytı xəbər yayıb.
"Suriya Ərəb Respublikasının başçısı mərhum prezident Hafiz Əsədin xanımı Ənisə Mahluf Əsədin ölümünün hüznünü yaşayır. O, 6 fevral 2016-cı il tarixdə Dəməşqdə dünyasını dəyişib”- deyə saytda bildirilir.
Mahluf Əsəd 1930-cu ildə Lazkiyədə ələvi təriqətinə mənsub varlı ailədə dünyaya gəlib. 1957-ci ildə Suriya HHQ-nin leytenantı Hafiz Əsədə ərə gedib. 1971-ci ildə Hafiz Əsədin prezident seçilməsindən sonra publika önündə çox az hallarda görünən Ənisə Mahluf Əsəd ailədə böyük nüfuz sahibi olub.
2011-ci ildə Bəşər Əsəd siyasətinə qarşı kütləvi etirazların qalxması ilə onun oğlundan üsyançılara qarşı ən ciddi ölçülər götürməyi tələb etdiyi deyilir. Elə bu hadisələrin ardından da Ənisə Mahluf Əsədin Suriyanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərində qızı Buşra ilə bir yerdə yaşadığı bildirilir.