Qaşınmayan yerdən qan çıxarmanın "ustası” olan ermənilər bu günlərdə bu bacarıqlarını bir daha nümayiş etdirməkdən ötrü yeni fürsət yaxalayıb. Bu dəfə isə onların köməyinə Sankt-Peterburqdan olan bir jurnalist gəlib.
Belə ki, Ermənistanın panorama.am saytının yazdığına görə, guya Bakıda Avropa Oyunları keçirilən zaman Azərbaycana gələn jurnalistlərin gömrükdən keçərkən pasportlarına Oyunların simvolu olan nar şəkilli möhürün vurulması sonradan onlara böyük problem yaradıb.
Erməni saytının yazdığına görə, "Sankt-Peterburqskie vedomosti” qəzetinin saytında yer alan bu xəbərdə o da bildirilir ki, sözügedən jurnalist bundan sonra bir sıra ölkələrə səfər etsə də, ötən ilin sonlarında Fin Konsulluğunda ona viza verməkdən imtina ediblər, guya səbəb kimi də həmin "narı” göstəriblər. Finlərin və ya digərlərinin daxili qanunlarına qarışmaq fikrimiz yoxdur və elə özlərinin də yazdığı kimi, Azərbaycanın gömrük orqanlarına rəsmi şəkildə müraciət etməklə sorğularına gərəkən izahı da alıblar. Burada əsas maraq doğuran ermənilərin bu "narı” hələ də həzm edə bilməməsi, hətta o zamandan bəri, göründüyü kimi, qarın ağrılarının keçməməsidir. Bunun başqa izahı yoxdur. Çünki "azərbaycanlıların idmana böyük sevgisinin peterburqlu jurnalistə maddi və mənəvi zərər vurduğunu” sevincək gündəmə çıxaran erməni saytı bu zaman özünün məkrli xislətini heç cür gizləyə bilmir, Azərbaycanın bu Oyunlara xərclədiyi vəsaiti dəfələrlə böyütməklə isə bu qərəzini aşkar ortaya qoyur. Maraqlı sual yaranır: səni "narahat” edən peterburqlu jurnalistin pasport məsələsidirsə, Azərbaycanın nəyə nə qədər xərclədiyinin məsələyə nə dəxli var? Səbəb aydındır – Azərbaycanı qaralamaq üçün daha bir fursət yaxalamışkən ondan gen-bol yararlanmaq. Özü də bu həmin saytdır ki, son aylar Azərbaycanda devalvasiyanın insanları dilənçi durumuna saldığından, hətta ölkədən mühacirət hallarının artdığından (!) həvəslə yazılar yazır, bu zaman "keçəlin güzgü məsələsini” isə yadına belə salmaq istəmir. Amma yaxşı bilir ki, o "güzgüyə” baxarsa, Azərbaycan haqqında dediklərinin hətta misli ilə özlərinə aid olduğunu görəcək və içində vicdan işartısı varsa, heç olmasa özünə etiraf etməli olacaq. Acından "ölməz Kaşşey”in gününə düşən əsgərlərinin ölməməkdən ötrü (!) düşmən Azərbaycana üz tutmasının etirafı isə çox ağırdır, erməni olanda nə olar?
”O halda o "güzgünü” onlara biz xatırladaq: bəlkə bir dönüb baxasız, hay?
Baki-xeber.com