ABŞ xarici işlər naziri Con Kerri Rusiyanı Suriyada dinc sakinlərin bombardmanını dərhal dayandırmağa çağırıb.Bu barədə baki-xeber.com gazeta.ru-ya istinadən xəbər verir.
Xəbərə görə, Con Kerri özünün kolumbiyalı həmkarı Xuan Manuel Santosla görüşünün ardından Vaşinqtonda keçirdiyi mətbuat konfransında Rusiyanı BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin tələblərinə əməl etməməkdə ittiham edib.
"Nə Əsəd rejimi, nə də Rusiya BMT TŞ-nin 2254 saylı qətnaməsinin tələblərinə əməl edir. Rusiya özünün də BMT TŞ-da səs verdiyi qanunun tələblərini pozur” – deyə Kerri bildirib. Eyni zamanda xatırladıb ki, sözügedən qətnamə Suriyada mülki obyektlərin bombalanmasının dərhal dayandırılasını nəzərdə tutur. Kerri həmçinin bəyan edib ki, Rusiyanın bombardmanları dəqiq hədəfi vurmur, çünki o, "idarəolunmayan bombalardan” istifadə edir. "Buna son verilməlidir”- o deyib.
"Rusiyalılar atəşin dayandırılması yönündə bir sıra konstruktiv təkliflər səsləndirdilər, lakin bu söz xatirinə deyilmiş sözlərdirsə, heç kəs onları qəbul etməyəcək” – deyən Kerri onu da əlavə edib ki, Rusiyanın davranışları Cenevrə sülh danışıqlarına da ziyan vurur.