Rusiya Türkiyənin Suriyaya hücuma hazırlaşması barədə dezinformasiya yaymaqla əslində özünün bu ölkədə törətdiyi cinayətləri ört-basdır etməyə çalışır. Baki-xeber.com-un xəbərinə görə, bu sözləri "Reuters”ə Türkiyə Baş naziri Əhməd Davudoğlunun administrasiyasındakı mənbə bildirib.
"Rusiya özünün Suriyadakı cinayətlərini gizlətməyə çalışır. Onlar, sadəcə, artıq Suriyaya təcavüz etmiş ölkə olaraq, nəzərləri özlərinin dinc əhaliyə hücumlarından yayındırmağa çalışırlar. Türkiyə isə, özünün təhlükəsizliyinin təminatı üçün istənilən addımı atmaq hüququnu özündə saxlayır”- deyyə mənbə bildirib.
Xatırladaq ki, bu günlərdə Türkiyə açıq səmada uçuşlar üzrə Saziş çərçivəsində Rusiyanın onun ərazisi üzərində müşahidə uçuşları keçirməsinə icazə verməyib. Bu uçuşlarda məqsəd Suriyanın sərhəd rayonlarında və NATO aerodromlarında müşahidələr aparmaq olub. Bunun ardınca RF Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov keçirdiyi brifinqdə bəyan edib ki, Türkiyə Rusiyaya bu icazəni verməməklə əslində Suriya sərhədində özünün qanunsuz hərəkətlərini pərdələməyə çalışır.