Cenevrədə bütün tərəflərin iştirakı ilə başlaması gözlənən Suriya müzakirələrinin ertələndiyi barədə xəbər vermişdik. Dünən başlamalı olan danışıqların qəfil 25 fevral tarixinə qədər ertələnməsinin ilginc səbəbləri isə bu gün ortaya çıxıb.
Baki-xeber.com-un Rusiya mətbuatından aldığı məlumata görə, buna əsas səbəb Rusiyanın Suriya əməliyyatlarına ara verməkdən imtina etməsi olub. Belə ki, xəbərə görə, Rusiya aviasiyası özünün intensiv hava dəstəyilə Suriya ordusuna Hələbi mühasirəyə almaq şansı açıb. Bu şəhər isə müxalif qüvvələr üçün strateji önəm daşıyır. Bu səbəbdən Cenevrə danışıqlarında iştirak üçün oraya gəlmiş müxalifət nümayəndələri təcili surətdə Rusiya bombardmanlarının dayandırılmasını tələb edib, əks təqdirdə danışıqlarda iştirakdan imtina edəcəyini bəyan edib. Rusiya tərəfi isə 3 fevral tarixində rəsmi şəkildə əməliyyatlarını dayandırmayacağını bildirib.
Həmin gün axşam BMT-nin Suriyadakı nümayəndəsi Stefan de Mistura Cenevrədəki danışıq tərəfləri arasında "həddindən artıq ziddiyyətlər” olduğunu etiraf edib. Nəticədə Suriya danışıqlarını müvəqqəti dayandırmaq barədə qərar qəbul olunub.