İraq hökuməti Bağdad ətrafına beton hasar çəkir. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, bunda məqsəd şəhəri qaçaq yolla gətirilən silah və partlayıcı qurğulardan qorumaqdır. Bu barədə paytaxt qərargahlarından birinin komandanı Abdel Amir əş-Şammari bəyan edib.
"Bağdad ətrafında təhlükəsizlik baryeri terrorçuların şəhərə girişinin və partlayıcı maddələrin, minalanmış avtomobillərin şəhər ərazisinə keçirilərək dinc əhalinin ölümünə səbəb olmasının qarşısını alacaq” – o deyib. Komandanın sözlərinə görə, hasarın çəkilməsilə bağlı hazırlıq işlərinə həftənin birinci günü başlanıb. İnşaat işləri paytaxtın qərbindəki Əs-Subeyhat rayonundan start götürüb. İlkin mərhələdə 5 mühəndis briqadası 100 kilometrlik hasar çəkəcək. Hasar boyu müəyyən məsafələrdə nəzarətçi bürcləri yerləşdiriləcək. Burada patrullar keşik çəkəcək. Şəhərin girişinə isə nəzarət məqsədilə xüsusi avadanlıqlar yerləşdiriləcək.