Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında "Diffamasiya haqqında” qanunun qəbulu məsələsini yenidən gündəmə gətirib.
Trend-in məlumatına görə, Ə.Amaşov bildirib ki, bu qanunun qəbul edilməsi zəruridir: "Məsələ prinsipial olaraq belədir ki, jurnalist yazdığı yazıya görə həbs edilməməlidir. Narahatlıq başa düşüləndir, mediada ən müxtəlif materiallar dərc olunur. Amma faktiki olaraq ölkədə heç kim Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunmayıb. Azərbaycan Mətbuat Şurası da bunu əsas tutaraq konkret təklfilər hazırlayıb, ATƏT-in Bakı Ofisi ekspertizasından keçib”.
Ə.Amaşov bildirib ki, ilkin variant kimi Mətbuat Şurasının Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim etdiyi layihə əsas götürülə bilər.