"İctimai nəzarət haqqında” qanun layihəsi müzakirələrə təqdim edilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
A.Quliyev bildirib ki, cənab Prezident Nazirlər Kabinetində çıxışı zamanı ictimai nəzarət haqqında ciddi tapşırıqlar verdi və ictimai nəzarətin vacibliyini qeyd etdi: "Bu qanun layihəsi müəyyən boşluqların doldurulmasına, konkret mexanizmlərin yaradılmasına xidmət edəcək. Təəssüflər olsun ki, bəzi yerli icra hakimiyyətləri orqanları buna riayət etmir və qanundan irəli gələn məsələlərə lazimi səviyyədə diqqət yetirmirlər. Məsələn, ictimai şuraların yaradılması ilə bağlı Nazirlər Kabinetinin təsdiq olunmuş Əsasnaməsi var. Əsasnamədə şuraların yaradılması qaydaları göstərilib. Amma bəzi qurumlar buna əməl etmir”.
Deputat vurğulayıb ki, bu baxımdan "İctimai nəzarət haqqında” qanun layihəsi burada interaktivlik yaratmalıdır: "Mexanizm kifayət qədər aydın, başa düşülən olmalıdır ki, burada ortaq fəaliyyət tapılsın. Həm də dövlət qurumlarının fəaliyyəti yüksək səviyyədə təşkil olunsun və digər mexanizmlər də təmin edilsin. Bu baxımdan əminəm ki, biz bunu geniş şəkildə müzakirə edə və ən optimal layihəni sizin diqqətinizə təqdim edə biləcəyik”.