Bazar günü Suriya paytaxtı Dəməşqdə 3 partlayış baş verib.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, Dəməşqin Said Zeynəb kvartalında baş verən partlayışlar nəticəsində 59 nəfər həlak olub, 128 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə agentliyə Qırmızı Aypara Cəmiyyətindən bildiriblər.
Xəbərə görə, şiə məhəlləsində baş verən partlayışlardan biri məsafədən törədilib. Belə ki, uzaqdan idarə olunmaqla işə salınan partlayıcı qurğu avtomobilə yerləşdirilib. Onun işə düşməsilə eyni vaxtda marştut avtobusunda intiharçı özünü partladıb. Bundan bir neçə dəqiqə sonra isə daha bir intiharçı özünü partladıb. İkinci partlayış nəticəsində ölənlərin çoxunun uşaq olduğu bildirilir. Onlar avtobusla və piyada məktəbdən gələnlər olub. İkinci intiharçının özünü qaz balonları anbarının önündə partlatmağa cəhd etdiyi, lakin cəhdinin alınmadığı bildirilir. Bombanın bir qədər gec partlaması onun anbardan aralanmasına səbəb olub ki, nəticədə daha böyük partlayışın qarşısı alınıb və partlayış dalğası qaz balonlarına çatmayıb.
Teraktlar nəticəsində, eyni zamanda, onlarla avtomobilin yararsız hala düşdüyü, mağaza və obyektlərin şüşələrinin dağıldığı bildirilir.