Pentaqon Ankaranın hava sərhədinin Rusiya tyyarəsi tərəfindən pozulması ilə bağlı məlumatını təsdiqləyib.
Baki-xeber.com-un xəbərinə görə, RİA”Novosti” bu barədə Pentaqon rəsmisi Mark Rayta istinadən xəbər yayıb. "Biz hadisədən xəbərdarıq və təsdiq edirik ki, Rusiyanın daha bir hərbi təyyarəsi Türkiyənin və beləliklə də NATO-nun hava sərhədini pozub”- ABŞ hərbi qurumunun rəsmisi bildirib. Mark Rayt onu da bildirib ki, ruslar və türklər öz aralarında danışıqlara getməklə eskalasiyanın qarşısını almalıdır.
Xatırladaq ki, dünən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Türkiyə XİN-ə çağırılaraq ona xəbərdarlıq olunub. Türkiyə XİN-in saytında da yer alan xəbərə görə, yanvarın 29-u saat 12:46-da Rusiyanın Su-34 təyyarəsi bu ölkənin hava məkanına daxil olub. Pilota dərhal rus və ingilis dilində xəbərdarlıq olunub.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov belə bir hadisənin baş vermədiyini iddia edib və Türkiyə tərəfinin məlumatını "boşboğazlıq” adlandırıb.