Peugeot Citroen İranda Peugeot avtomobillərinin istehsalı məqsədilə bu ölkənin Khodro kompaniyası ilə birgə müəssisə yaratmaq barədə qərar verib. Baki-xeber.com bu barədə ria.ru saytına istinadən xəbər verir.
Xəbərə görə, bununla bağlı razılaşma İran prezidenti Həsən Ruhaninin Fransaya rəsmi səfəri çərçivəsində imzalanıb. Müəssisədə Peugeot-nun klassik modelləri ilə yanaşı, məxsusi İran bazarı üçün daha iki yeni model istehsal olunacaq. Kommersant.ru-nun xəbərinə görə, bununla yanaşı Renault avtomobil konserni də İran bazarına qayıtmağı düşünür.
Xatırladaq ki, prezident Həsən Ruhani İtaliya və Vatikan səfərinin ardından Avropa səfərinin son məntəqəsi olaraq dünən Fransaya gedib. 16 illik fasilədən sonra bu Avropa səfərinin Tehran – Qərb münasibətlərində ciddi dönüş yaradacağı ehtimal olunur. Çünki səfər gedişində imzalanan çoxmilyardlıq layihələr Avropa kompaniyaları qarşısında bir çox sahələrdə İran bazarına daxil olmaq şansı açır.