Suriyanın Deyr-əz-Zor rayonunda yerləşən Suriya Ordusuna məxsus aviabazaya hücum nəticəsində "İslam dövləti” terrorçu təşkilatı qorxulu texnika ələ keçirməyi bacarıb. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, bunlar 2P25 döyüş maşını, SURN1C91 özüyeriyən kəşfiyyat və döyüş qurğusu, bir neçə 3M9 zenit raketi və "Kvadrat” PVO mobil kompleksinin əsas hissələridir.
Terrorçu qrupun artıq İnternetdə yerləşdirdiyi şəkillərdən bu sursatların yaxşı vəziyyətdə olduğu görünür. Bu isə İŞİD-in region üçün daha təhlükəli hala gəldiyindən xəbər verir. Düzdür, bəzi mütəxəssislər başıpozuq terrorçu qruplaşmanın bu texnikadan istifadə edə biləcəyinə şübhə ilə yanaşır. Digərləri isə İŞİD-in bu mövzuda elə də problem yaşamayacağı fikrindədir. Bu fikirdə olanlar isə Rusiyanın hələ ötən əsrin 70-ci illərində Suriya ərazisindəki aviabazasına 200 belə kompleks yerləşdirdiyini və rusiyalı mütəxəssislərin Suriya əsgərlərinə həmin qurğu ilə davranış qaydaları ilə bağlı təlim keçdiyini xatırladır. O da xatırladılır ki, 1973-cü ildə "Qiyamət günü müharibəsi” adlandırılan hərbi qarşıdurma zamanı, rəsmi Dəməşqin açıqlamasına görə, Suriyanın "Kvadrat” PVO-ları vasitəsilə 64 İsrail təyyarəsi vurulub.
Nəzərə alınsa ki, son illər Əsəd Ordusundan fərarilik halları artıb, bu əsgərlərin İŞİD ordusuna qoşulmadığına heç kim zəmanət verə bilməz. Bu səbəbdən də "İslam dövləti” regionda daha böyük baş bəlasına çevrilməkdədir.