İraqın Süleymaniyyə və Ərbil şəhərlərinin bazarlarında alman istehsalı silahların açıq satışı ortaya çıxıb.Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Handelsblatt” qəzeti yazıb.
Şahidlərin sözlərinə görə, bu bazarlarda sərbəst şəkildə G3 hücum tüfəngləri və Walther P1 tapançaları əldə etmək mümkündür. Sözügedən tüfənglərin qiyməti 1450-1800 dollar arasında dəyişir, tapançanı isə 1200 dollara almaq olar.
Almaniya Müdafiə nazirliyinin mətbuat katibi Yens Flosdorff bəyan edib ki, bu silahlar İraq Kürdüstanı döyüşçülərinə 2014-cü ildə İŞİD-lə mübarizə məqsədilə göndərilmişdi. Onun sözlərinə görə, o zaman göndərilən silahların sayı 20 min ədəd təşkil edirdi. Almaniya rəsmisi bu silahların növbəti partiyasının 2016-cı ilin ilk kvartalında göndəriləcəyini də bildirib.Öz növbəsində, Almaniya XİN nümayəndəsi Martin Şefer bu silahların üçüncü şəxslərin əlinə keçməsi məsələsini araşdıracaqlarını bildirib.