MTRŞ ANS televiziyasının efirində yayımlanan "Hesabat” analitik-informasiya proqramının dayandırılması ilə bağlı iradları qəbul etmir.
"Trend”-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Onun sözlərinə görə, "Hesabat” verilişinin yayımının dayandırılması ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb. N.Məhərrəmli bildirib ki, ANS telekanalının səmimi etirafları nəzərə alınaraq bu addım atılıb. O qeyd edib ki, MTRŞ serialların çəkilməsi ilə bağlı müqavilə öhdəliklərini əməl etmədiklərinə görə İTV və ANS telekanallarını məhkəməyə verib: "Müxtəlif sahələr üzrə baş verən qanun pozuntuları barədə sənədlər toplanıb. Bizim heç bir kanala qarşı qərəzimiz yoxdur". N.Məhərrəmli qeyd edib ki, ANS telekanalı ilə bağlı Şuranın indiyədək verdiyi bütün qərarlar qanuna əsaslanır: "Bütün efir məkanında qanun pozuntularının çox azaldığını deyə bilərik. Amma Azərbyacan efirində görülməli işlər çoxdur, orada olan bütün problemləri tədricən aradan qaldıracağıq".
Xatırladaq ki, MTRŞ yanvarın 22-də ANS-in "Hesabat" proqramının yayımının 1 ay müddətində dayandırılması barədə qərar qəbul edib.