İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda intihar olayı baş verib. Bu barədə baki-xeber.com Türkiyə mətbuatından xəbər əldə edib.
Xəbərə görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyev intihar edib. "Egazete.tv” saytının verdiyi məlumata görə, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda baş verib. F. Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib. Küçükçəkməcə əmniyyət müdirliyi (polis idarəsi) intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb. Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.
"Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Fəxrəddin Əliyev adlı şəxs işləmir". Bu açıqlamanı isə APA-ya Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan veriblər. Bildirilib ki, F.Əliyevin Konsulluğa bağlı heç bir diplomatik fəaliyyəti olmayıb. Agentliyin Türkiyə müxbirinin araşdırmasına görə, intihar etdiyi bildirilən F. Əliyev Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarından biridir. O, "Farko" şirkətinin sahibidir. F.Əliyev həmçinin Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi qurucularından olub. Bu birlik 2012-ci ilin iyununda təsis edilib.
Məsələyə Azərbaycan Xarİci İşlər Nazirliyindən də münasibət bildirilib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Fəxrəddin Əliyevin XİN sistemində çalışmadığını deyib.
Baki-xeber.com-un özəl mənbələrdən əldə etdiyi xəbərə görə isə, hadisədə bəzi müəmmalı məqamlar var. Belə ki, Türkiyədə bina tikintisi ilə məşğul olan Fəxrəddin Əliyev ailəsilə birlikdə 19 yanvar tarixində Bakıya gəlib. İki oğlu Hollandiyada təhsil alan mərhum iş adamı uşaqlarının da qış tətilini Bakıda keçirməsini istəyib. Lakin özü elə gəldiyi günün ertəsi təcili şəkildə İstanbula qayıdıb. Xanımına da deyib ki, iş görüşməsinə gedir. Hələ övladları Bakıya gəlmədən isə atalarının ölüm xəbərini alaraq İstanbula uçublar. Hazırda hadisənin şokunu yaşayan ailə bu qəfil ölümün səbəblərini anlamaqda çətinlik çəkir.
Qeyd edək ki, mərhum iş adamının cənazəsi bu gün səhər saatlarında Bakıya gətirilib.