"Azərbaycan vətəndaşı Qorqud Dadaşzadənin Təbrizin "Kudəkan” xəstəxanasında vəfatına görə təəssüfümü bildirirəm”. Baki-xeber.com xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi deyib.
O qeyd edib ki, hər il müxtəlif ölkələr, o cümlədən Azərbaycandan minlərlə insan müalicə üçün İrana üz tutur: "Onların əksəriyyəti İranda aldıqları müalicədən razılıq edirlər. Dünyada mövcud olan bütün xəstəxanalar öz xəstələrinin sağalması və şəfa tapmasını istəyir. Hər halda Allahın təqdiri ilə də barışmaq lazımdır”.
Məmmədrza Nəcəfinin sözlərinə görə, görülən tədbirlər nəticəsində 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib, yalnız 3200 manat borc qalıb: "Biz yenə də məsələni diqqətdə saxlayırıq. Azərbaycan Respublikasının Tehran və Təbriz şəhərlərində yerləşən siyasi nümayəndəlikləri, eləcə də Azərbaycanın humanitar qurumlarının öz vətəndaşına yardım üçün lazım olan addımı atacağını ümid edirik”.
Məsələyə Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə də münasibət bildirib. Baş konsul APA-ya açıqlamasında Təbrizin "Kudəkan” xəstəxanasında vəfat edən uşağın meyitinin ailəsinə qaytarılması ilə bağlı məsələnin Azərbaycanın Təbrizdəki Baş konsulluğunun nəzarətində olduğunu bildirib.
Onun sözlərinə görə, baş konsulluğun konsulu xəstəxanada olub: "O, uşağın valideynləri ilə görüşüb. Cümə günü İranda istirahət günü olduğundan məsul şəxslər işdə yoxdur. Sabah həm xəstəxana, həm də Təbriz Tibb Universitetinin məsul şəxslərindən xahiş edəcəyik ki, imkanları çatdığı qədər müəyyən güzəştlər etsinlər ki, tezliklə uşağın meyitini Vətənə yola salaq. Xahiş etmişik borcun müəyyən hissəsini keçiblər. İran pulu ilə təxminən 5 milyon tümən borc qalıb. Ümid edirik ki, müəyyən güzəştlər olar, Təbriz tibb universitetlərinin köməkliyi ilə meyiti ailəyə verərlər. Biz də əlimizdən gələn köməyi etməyə çalışırıq”.