Fransa Baş naziri Manuel Vals Davosda Ümumdünya iqtisadi Forumunda çıxışı zamanı Avropa İttifaqının sonunun yaxın onilliklərdə deyil, növbəti aylarda çatacağını bildirib. Baki-xeber.com bu barədə utro.ru saytına əsasən bildirir.
Proqnozunu Avropanın hazırda yaşadığı miqrant böhranı, beynəlxalq terrorizm və populist partiyaların çoxalması ilə arqumentləşdirən fransalı Baş nazir lider ölkələri də daha realist olmağa çağırıb.
Qeyd edək ki, Vals Avropa ittifaqı haqqında pessimist ovqatda olan ilk siyasətçi deyil. Belə ki, daha öncə oxşar fikirlə Avropa Şurasının başçısı Donald Tusk da çıxış edib. Onun fikrincə, Avropa iki ay ərzində miqrant böhranını çözə bilməsə, Şengen zonası özünün mövcudluğuna son verəcək.
Vals isə Böyük Britaniyanın Aİ-dən mümkün çıxışını da faciə adlandırıb. Bu məsələdə isə Fransa prezidenti Fransua Olland da onunla həmrəylik nümayiş etdirib. O, Britaniya Baş naziri Devid Kemeronu Brüssellə münasibətlərini yoluna qoymağa və vaxtaşırı bu münasibətləri incələməməyə çağırıb. "Fransa çox istərdi ki, Böyük Britaniya Aİ tərkibində qalsın. Çünki bu, Aİ-nin olduğu qədər Britaniyanın özünün də marağındadır”- Olland bəyan edib.