"Bugünkü vəziyyəti gördükdən sonra neftin qiymətinin daha da düşməsi bizi təəccübləndirməyəcək". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu Çərçivəsində "The new energy equation” adlı panel müzakirəsində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan öz iqtisadiyyatını neftdən sonrakı dövrə - 20 ildən sonraya hazırlayırdı: "Bu bizim üçün gözlənilməz oldu, iqtisadiyyatımız üçün çətin vəziyyət yaratdı. Çünki biz bu il büdcəmizi 50 dollar səviyyəsində müəyyən etmişdik. Ötən il isə bu rəqəm 60 dollar götürülmüşdü. Ona görə xərclərimizi, investisiyalarımızı azaltmaq məcburiyyətində qaldıq. Sosial proqramları olduğu yerdə saxladıq. Bizim iqtisadiyyatımız stabil və dayanıqlıdır. Böyük rezervlərimiz var. Ona görə də biz vəziyyəti kompensasiya edə bilərik. Lakin belə vəziyyət uzun müddət davam etsə, təbii ki, bu bizim büdcə üçün böyük təzyiq olacaq”.
"Düşünürəm ki, hazırkı ehtiyatlarımız bu vəziyyəti idarə edəcək"
"Son 10 ildə bizim milli valyuta dollara qarşı çəki əldə etmişdi”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu Çərçivəsində "The new energy equation” adlı panel müzakirəsində çıxışında deyib.Dövlət başçısı bildirib ki, bu, həm də bir qədər qeyri-təbii idi: "1 manat 1,3 dollar idi. Birinci devalvasiya manatla dolları bərabər etdi. İkinci devalvasiya isə həm də qonşu ölkələrin milli valyutalarının düşməsi səbəbi ilə baş verdi. Çünki bu səbəbdən bizim məhsullar rəqabət gücündə olmurdu. Bu isə bizim büdcəyə əlavə yük idi. Mümkün qədər müqavimət göstərməyə çalışırıq. Milli bank ehtiyatımızdan bir qədər itirməli olsaq da, bu tədbirləri görməli idik. Bu səbəbdən də əhali arasında müəyyən narahatlıqlar yarandı. Çünki bu bizim idxal etdiyimiz məhsulların qiymətinə dərhal təsir etdi. Biz hələ də müəyyən məhsullarla bağlı xarici bazardan asılı ölkəyik. İnsanlarımız qiymətlərin qalxmasına hazır deyildilər. Ancaq indi bu mərhələ bitib. Düşünürəm ki, Azərbaycanda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri idi - son 10 ildə 300 faiz gəlir. Bu, böyük rəqəmdir. Ancaq tsikl indi aşağı düşür. Bununla belə, düşünürəm ki, hazırkı ehtiyatlarımız bu vəziyyəti idarə edəcək”.