Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi qeyd edildi, bu baxımdan "Cənub qaz dəhlizi” layihəsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin "Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşdırıldığı qeyd olundu, bu layihənin həyata keçirilməsinə Avropa Komissiyası tərəfindən tam dəstəyin göstərildiyi bildirilib.
Prezident İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə də görüşü olub. Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, bu baxımdan yeni imkanlar müzakirə edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin "Microsoft Corporation” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser ilə görüşü olub.
Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olundu. "Microsoft Corporation” şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulandı. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin mühüm rol oynadığı qeyd edildi, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirildi. Həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə "Microsoft Corporation” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev həmcinin "Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə də görüşüb.
Görüşdə "Procter and Gamble Europe” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə bu şirkət arasında əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.