Rusiyalı turistlər Türkiyəyə getmək üçün müxtəlif kənar yollardan istifadə etməyə başlayıb. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, belə bir açıqlama ilə "Rospotrebnadzor”un başçısı Anna Popova çıxış edib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum Rusiyadan turoperatorların turistlərin Türkiyəyə göndərilməsi üçün həmsərhəd ölkələrin ərazisindən istifadə etdiyini ortaya çıxarıb. "Biz dekabr ayında intensiv şəkildə turfirmaların Türkiyəyə turist göndərmə qadağasına necə əməl etdiyini yoxlamağa başladıq. Bəlli oldu ki, onlar çox da baha olmayan qiymətə hansısa qonşu ölkəyə keçməklə oradan rahatlıqla Türkiyəyə uçuşlar təşkil edirlər” – Popova bildirib. Lakin onu da deyib ki, bu yollardan istifadə edərək dövlət səviyyəsində qoyulan qadağanı pozan turagentlərin dəqiq sayını müəyyən etmək mümkün olmayıb.
Xəbərdə o da bildirilir ki, qadağalara və nəzarətə baxmayaraq, Rusiya mağazalarında Türkiyə məhsullarına hələ də rast gəlinir. Belə ki, Ankaraya qarşı qadağaların qüvvəyə mindiyi yanvar ayında bu ölkə mağazalarında 22 ton Türkiyə məhsulu aşkarlanıb.