Azərbaycan Prezidenti İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb.
Fərmanda deyilir ki, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
Kənd, meşə, su təsərrüfatları və digər sahələrdə əməkhaqları
Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
Hərbi qulluqçular
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə nazirliyin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
Xüsusi Dövlət Mühafizə Xidməti işçiləri
Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
Daxili Qoşunların hərbi qulluqçularının və mülki işçiləri
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
Müharibə əlillərinə Prezident təqaüdü
Azərbaycan Prezidenti İlham Əliyev "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, müharibə əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.
"Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilir:
"1.1. I qrup əlillərə – 165 manat
1.2. II qrup əlillərə – 143 manat
1.3. III qrup əlillərə – 110 manat.”.