Bakının Nəsimi rayonu növbəti qaz problemli qışını yaşayır. Nəzərə alınsa ki, bu rayon paytaxtın göbəyində yerləşir, onun belə bir məişət problemi ilə, özü də illərlə üzləşməsi təəccüb doğurmaya bilmir. Bu gün Azərbaycanın ən ucqar dağ kəndlərinə qaz verildiyi halda paytaxt əhalisinin belə bir sınağa çəkilməsinin hər halda əsaslı bir izahı olmalıdır. Lakin nə yazıq ki, sakinlər bu sahəyə məsul olanlardan bu izahı da ala bilmir.
Üstəlik bu rayonun müvafiq sahə üzrə yetkililərinin rayona tətbiq etdiyi "qaz qrafiki” də maraqlıdır. Belə ki, Rayonun Ilqar Ismayılov küçəsi sakinlərinin sözlərinə görə, bu rayonda normal qaz verilişinin "üzünü” görmək istəyirsənsə, gecə yuxusundan vaz keçməlisən, çünki bu "hadisə” yalnız gecə saat 2-dən sonra yaşanır. Təsəvvür edin ki, səhər işə-dərsə gedəcək insanlar duş almaq üçün yuxusuna haram qatıb gecəni yatmamalıdır. Bu insanların səhər sükan arxasında yuxusuz vəziyyətdə oturub qəza törətməyəcəyinə kim təminat verə bilər? Yaxud bu rayonun "qaz yetkililəri” öz evlərindəki körpələrə rəva görərlərmi səhər saat 6-da onları şirin yuxudan ayırıb çimizdirməyə aparsınlar? Təbii ki, yox. Amma Nəsimi rayonunun sakinləri illərdir bu zülmü yaşayır. Buna isə heç səhlənkarlıq da demək olmur. Axı gündüz qaz yoxdursa gecə haradan "peyda” olur? Nəzərə alınsa ki, bu rayonun ərazisində kifayət sayda həyət evi də var və bu evlərdə "ceyran peçi” deyilən sobalardan da gen-bol istifadə olunur, o zaman insanlar yuxuda ikən qazın artmasının hansı fəsadlar törədəcəyini əlavə şərhə ehtiyac qalmır. Bütün bunlardan sonra bir sual açıq qalır: xətdə qaz olduğu halda insanları qışın günü bu cür sınağa çəkən səlahiyyət sahiblərinin bunda məqsədi nədir? Sadə vətəndaşları dövlətdən narazı salmaq niyyəti olmasın?..
Baki-xeber.com