Rusiya yanvar sessiyasında iştirak üçün özünün nümayəndə heyətinin siyahısını AŞPA-ya göndərməyib. Baki-xeber.com-un EurAsia Daily-yə istinadən xəbərinə görə, bu barədə TASS-a məlumatlı mənbə bildirib.
Xəbərə görə, bu siyahıların verilməli olduğu müddət yanvarın 15-də bitib. "Bildiyim qədər, Rusiya quruma belə bir siyahı göndərməyib” – o bildirib. Faktiki bu, Rusiyanın Assambleyanın yanvar sessiyasında iştirakdan imtina deməkdir. Bununla belə, rəsmi qərar qəbul olunmayıb, bu qərarın bazar ertəsi Duma və Federasiya Şurasının spikerləri tərəfindən səsləndiriləcəyi xəbər verilir.
Daha öncə RF-nin AŞPA-dakı nümayəndə heyətinin üzvü Leonid Kalaşnikov bildirmişdi ki, Rusiya Assambleyanın yanvar sessiyasında iştirakdan imtina edə bilər. O bunu qurumun "Rusiyaya qarşı diskriminasiya siyasəti və sanksiya təzyiqləri” ilə izah edib.