Heydər Əliyev Fondu "Şahdağ” Turizm Mərkəzində valideyn himayəsindən məhrum uşaqların istirahətini təşkil edib.
"Trend”in xəbərinə görə, Yeni ildə Heydər Əliyev Fondu bu uşaqlara daha bir sürpriz edib. Belə ki, müxtəlif uşaq evlərində məskunlaşmış uşaq və yeniyetmələr paytaxtdan onlar üçün ayrılmış xüsusi avtobuslarla yola düşüblər. İstiqamət isə ölkəmizin ən gözəl məkanlarından biri sayılan, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən "Şahdağ” Turizm Kompleksi olub. Qafqaz dağlarına tibbi və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilən səfər zamanı Fond bütün uşaqları qış istirahəti üçün nəzərdə tutulmuş geyim və digər lazımi əşyalarla təmin edib.
"Şahdağ” Turizm Kompleksində onlar kompleksin "Pik Palace Şahdağ” hotelində yerləşdirilib. Nəzarətçilərin və təlimatçıların rəhbərliyi ilə yaş qruplarına uyğun hazırlanmış proqram çərçivəsində uşaqları qış idman oyunları, animatorların iştirakı ilə əyləncələr, o cümlədən karaoke və müxtəlif müsabiqələrdə iştirak edib, Kompleksin uşaqlar üçün nəzərdə tutulan oyun meydançalarında qarda gəzib, yamaclarda tübinq gəzintilərində iştirak ediblər.
Uşaq evlərinin sakinləri üçün "Şahdağ” Turizm Mərkəzində təşkil olunan maraqlı istirahət Fondun növbəti humanitar aksiyası kimi yaddaşlara yazılıb.