Ən böyük müsəlman dövlətlərindən olan İndoneziyanın paytaxtı Cakartada ikinci "Paris olayları” yaşanıb. Baki-xeber.com "kommersant”a istinadən xəbər verir ki, həmin ssenari üzrə burada da eyni vaxtda bir neçə məkanda sonradan küçə döyüşlərinə keçən bombalı hücumlar olub.
Xəbərə görə, bu, yeni prezident Coko Vidodonun yarım illik hakimiyyəti dönəmində ilk belə qanlı hadisədir. Hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürüb. Bu isə "İslam dövlətin”in 250 milyonluq İndoneziyanı özünün yeni hədəfinə və Asiyada əsas platsdarmına çevirdiyindən xəbər verir. Eynilə Parisdə olduğu kimi, burada da baş verən altı partlayışın hər biri insanların sıx toplaşdığı yer olub: "Sarinah” ticarət mərkəzi, "Starbucks” məşhur kafesi, BMT-nin Cakartadakı nümayəndəliyinin qarşısı və sair. Hücumlarda 10-15 nəfərlik qrup və 3 intiharçı iştirak edib. "Onlar Paris teraktını kopyalayıb”- İndoneziya polisinin nümayəndəsi Enton Çalian bildirib. Polisdən o da bildirilib ki, bir neçə partlamamış əldədüzəlmə qurğu da aşkarlanıb. Polislə toqquşmada 5 nəfər terrorçunun məhv edildiyi, 4-nün ələ küçirildiyi xəbər verilir. Olayla bağlı İŞİD-in açıqlamasında isə bildirilir ki, hədəf əcnəbilər və hüquq-mühafizə orqanlarının əməkdaşları olub.