Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə təsdiq edilmiş birgə Tədbirlər Planına müvafiq olaraq bu kimi hallara qarşı təxirəsalınmaz qabaqlayıcı və inzibati, habelə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İqtisadiyyat və Sənaye Naziriliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən baki-xeber.com-a daxil olan məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinq zamanı "Giləzi – Quşçuluq Şirkəti” MMC, "Hacıqabul Quşçuluq Şirkəti” MMC və "Astel LTD” MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlahçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunduğundan müvafiq materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və toplanmış materiallar əsasında 12 yanvar 2016-cı il tarixdə fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəkləri barədə xəbardarlıq edir.