Rusiya prezidenti "Bild” alman nəşrinə müsahibəsində Suriya prezidenti Bəşər Əsədin münaqişə dönəmində bir sıra səhv addımlar atdığını etiraf edib. Bu barədə baki-xeber.com-a Rusiya mətbuatından bəlli olub.
Jurnalistin "Bəşər Əsəd öz xalqının başına bomba yağdırdı və minlərlə soydaşının ölümünün məsuliyyətini daşıyır – bu faktdır. Siz isə onunla ittifaq qurmusuz – niyə” sualının cavabında Putin yalnız "Bu çox çətin sualdır və mən etiraf edirəm ki, münaqişənin gedişi dövründə Əsəd çoxlu səhvlərə yol verib” sözlərini deyə bilib. Bununla belə o deyib ki, ölkə daxilində silahlılara sursat və pul dəstəyi olmasaydı, Suriya münaqişəsi bu qədər böyüməyəcəkdi. "Bəs bunun cavabını kim verməlidir, ölkənin bütövlüyünü qorumağa çalışan Əsədmi?”- deyə o bildirib.
Putinə Rusiyanın suriya konfliktində əsas məqsədi barədə də sual ünvanlanıb. O isə bildirib ki, Moskva Suriyanın Liviya və İraqın yolu ilə getməsini istəmir, buna görə də qanuni hakimiyyətin postunda qalması üçün əlindən gələn hər bir şeyi edəcək. Rusiya prezidentinin fikrincə, Suriyanın əsas probleminin həlli yolu konstitusiya islahatlarından keçir.