"Pareks Lizinq and Faktorinq” Lizinq təşkilatının böyük yalanı üzə çıxıb. Belə ki, bu MMC-nin kreditlə mal satarkən müştərinin ilkin ödəniş kimi təqdim etdiyi məbləğin alğı-satqı sənədində sadəcə nəzərə alınmadığı bəlli olub. Konkret faktlara keçək.
Adının aşıqlanmasını istəməyən vətəndaş sözügedən MMC-dən kreditlə "Makterm” məişət qaz qazanı (kombi) alışını həyata keçirib. Alqı-satqı sənədləri tərtib olunarkən vətəndaşa mütləq ilkin ödənişin edilməli olduğu deyilib və o, bu məqsədlə şirkətə 90 manat ödəyib. Lakin maraqlıdır ki, vətəndaşa təqdim olunan müqavilə sənədində bu məbləğ göstərilməyib, həmin qrafa (avans) boş saxlanıb. Alqı-satqı sənədində məişət cihazının qiyməti 720 AZN, "Lizinq verənin mükafatı” 143.68 AZN göstərilir. O halda maraqlıdır, ilkin ödəniş kimi alınan 90 AZN kimin mükafatıdır və sənəddə bu haqda niyə bir kəlmə də olsun danışılmır? Bu, məsələnin bir tərəfi.
Məsələnin ikinci tərəfi satılan malın zəmanət müddəti, daha doğrusu, guya 2 illik zəmanət verildiyi halda müştəridən pul tələb olunması ilə bağlıdır. Belə ki, məişət cihazını aldıqdan az sonra cihazda problem yaranıb və müştəri təbii olaraq problemin yoluna qoyulması üçün şirkətə müraciət edib, eşitdiklərindən isə şoka düşüb. Sən demə, "Pareks Lizinq and Faktorinq” başbilənlərinin fikrincə, zəmanət hüququ da pulla satılmalı imiş. Yəni müştəriyə deyiblər ki, ilk dəfə usta çağırdıqda 30 AZN ödəməlisiz, sonrakı çağırışlar pulsuz başa gələcək. Halbuki, adətən zəmanət müddətində istənilən çağırış pulsuz həyata keçirilməli, yalnız bu müddət bitdikdən sonra ödəniş tələb olunmalıdır. Maraqlıdır, belə zəmanət hüququnu bu şirkətə kim verib? Yaxud başqa sual: müştəri malı alanda ağızdolusu ona 2 illik zəmanət verildiyini deyən MMC sözçüsü bunun ödənişli olduğunu niyə o anda bildirmir? Və ən əsası, bu barədə alqı-satqı müqaviləsində niyə bir kəlmə də olsun danışılmır? Hələlik bu suallar açıq qalır, lakin "Pareks Lizinq and Faktorinq” MMC-nin bu sualları cavablandırmaq arzusu olarsa, onlara bu şansı yaratmağa hazırıq.
Baki-xeber.com