"Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”. APA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Türkiyə ilə Azərbaycan arasında hazırda mövcud olan gediş-gəliş rejiminə hər hansı dəyişiklik edilməsi nəzərdə tutulmur: "2007-ci ildən bəri Azərbaycan vətəndaşları ölkəmizə turizm məqsədli səfərləri zamanı 30 gün müddətində Türkiyədə vizasız qalmaq hüququna malikdir”.
"Azərbaycan vətəndaşlarına viza tətbiqindən söhbət gedə bilməz”. Bunu isə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç keçirdiyi mətbuat konfransında deyib.
"Türkiyə Azərbaycan vətəndaşlarına yeni viza rejimi tətbiq etməyəcək, həmçinin Azərbaycan vətəndaşlarının Türkiyədəki 1 aylıq yaşama müddətinə də məhdudiyyət gətirilməyəcək. Yəni, Azərbaycanla bağlı indiyə qədərki durumda heç bir dəyişiklik nəzərdə tutulmayıb” – deyə, o bildirib.
Qeyd edək ki, Türkiyə mətbuatı Avropa İttifaqı ilə imzalanan viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə, o cümlədən Azərbaycana viza rejimi tətbiq edəcəyi ilə bağlı məlumat yayıb.