Dövlət Təhlükəsizliyi Xidməti həbs edilən Nardaran sakini ilə bağlı məlumat yayıb.
DTX-nin İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 07 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onu da qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən bu gün saxlanılan N.Kərimov barədə Səbail Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.