Bu gün səhər saatlarında Ağcabədi şəhərində yanğın baş verib. Baki-xeber.com-un Fövqəladə hallar nazirliyinin mətbuat xidmətindən aldığı xəbərə görə, vətəndaşa məxsus, ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin 1 otağında mətbəx mebeli 3 kv.m sahədə yanıb. Yanğınsöndürənlərin zamanında müdaxiləsi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının baş vermə səbəbi araşdırılır.
Daha bir yanğın hadisəsi dünən axşam Yevlax şəhərində yaşanıb. Xəbərə görə, vətəndaşa məxsus, ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında yataq dəsti yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Həmin saatlarda Tovuz rayonunun Xatınlı kəndində (rayon mərkəzindən 9 km aralı) də evdə yanğın olayı yaşanıb. Belə ki, ikimərtəbəli binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin döşəməsi 5 kv.m sahədə yanıb və taxtadan ibarət divar üzlüyü 3 kv.m qaralıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hər üç hadisədə xəsarət alan olmayıb.