Britaniya telekanalı "Sky News””İslam dövləti” terrorçu təşkilatının sərnişin və hərbi təyyarələri vurmağa qadir olan "yer-hava” tipli raket istehsal etməsilə bağlı videogörüntülərə malik olduğunu xəbər verib. Bu barədə baki-xeber.com lenta.ru portalından məlumat əldə edib.
Kanalın xəbərinə görə, qruplaşmanın paytaxt elan etdiyi Rakkadakı laboratoriyalardan birində peşəkarlar əldədüzəlmə istilik akkumulyatoru istehsal ediblər ki, bu da raketlərin döyüş başlıqları üçün əsas hissədir. Qeyd olunur ki, bu işə onlar yaxşı hazırlıq keçmiş alim və ekspertləri cəlb ediblər.
Sky News onu da bildirir ki, görüntülərə görə, terrorçular Qərb ölkələrinin köhnəlmiş kimi çıxdaş etdiyi minlərlə raketi yenidən işlək vəziyyətə gətirə bilərlər. Öz növbəsində, The Independent göstərir ki, terrorçular artıq çoxdan bu silahlara çıxış əldə ediblər. Lakin onların özlərinin istilik akkumulyatoru istehsal etməsi düşünməyə əsas verir ki, bu işə yüksək hazırlıqlı peşəkarlar cəlb olunub.
Xatırladaq ki, ötən il 31 oktyabr tarixində Misirin Sinay yarımadası üzərində Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan təyyarə vurulmuşdu. Nəticədə 224 nəfər həlak oldu. Hadisədən dərhal sonra "İslam dövləti”nə sədaqət andı içmiş "Vilayət Sinay” qruplaşması bunun məsuliyyətini öz üzərinə götürdü. Rusiya hökuməti isə hadisənin terakt olduğunu rəsmi şəkildə bəyan etdi. Buna baxmayaraq, Misir hökuməti İŞİD-in əlində təyyarəni vura biləcək silahın olmadığında israr edirdi.