Yaponiya hökuməti Koreya Xalq Demokratik Respublikasının nüvə bombasının sınağını keçirməsi ilə əlaqədar milli təhlükəsizlik şurasının fövqəladə iclasını çağırıb. Baki-xeber.com-un gazeta.ru-dan əldə etdiyi xəbərə görə, bu günlərdə Yaponiyada baş verən zəlzələnin yeraltı nüvə sınaqlarının nəticəsi olduğu barədə şübhələr ortaya çıxıb.
Hazırda Amerikanın müdafiə nazirliyi KXDR-in nüvə sınaqları poliqonu yaxınlığında baş verən zəlzələnin bu sınaqlarla əlaqəsini araşdırır.
BMT Təhlükəsizlik Şurası bu gün məsələ ilə bağlı təcili görüş keçirməyi planlaşdırıb. Bu barədə TASS agentliyinə ümumdünya təşkilatının mənzil-qərargahından informasiya alan mənbə bildirib. Onun sözlərinə görə, qapalı görüş Nyu-York vaxtı ilə saat 11:00-da başlayacaq. Bu informasiyanı "Reuters”ə BMT diplomatları da təsdiqləyib. RİA”Novosti”nin xəbərinə görə, görüşün keçirilməsi təşəbbüsü ilə ABŞ və Yaponiya çıxış edib.
Qeyd edək ki, daha öncə Şimali Koreya rəhbərliyi xüsusi buraxılışla televiziya efirində hidrogen bombası sınaqlarının uğurla keçirildiyini bəyan edib.
Bu arada Cənubi Koreya BMT sanksiyalarının tətbiqinə qədər bütün mümkün vasitələrdən istifadə edərək Pxenyanın cəzalandırılmasına çalışacağını deyib. "Bizim hökumətimiz Şimali Koreyanın bizim və dünya birliyinin dördüncü nüvə sınağının BMT qətnaməsinin tələblərini pozması barədə xəbərdarlıqlarını qulaqardına vurmasını qətiyyətlə pisləyir” – deyə yüksək çinli təhlükəsizlik məmuru bildirib.
Lakin AĞ Ev hələlik Yaponiyada baş verən zəlzələnin KXDR-in keçirdiyi nüvə sınaqları ilə əlaqədar olduğunu təsdiqləməyə tələsmir. "Hələlik biz bunu təsdiq edə bilmərik” – deyə Ağ Evin təhlükəsizlik şurasının nümayəndəsi Ned Prays bildirib.
Xatırladaq ki, dekabrın ortalarında KXDR lideri Kim Çen In Şimali Koreyanın özünün suverenliyini qoruması üçün hidroğen bombası düzəltməkdən ötrü texnologiyaya malik olduğunu bildirmişdi.