Ukrayna siyasətçiləri ölkə əhalisini bir daha Coca-Cola içməməyə çağırıb. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, hər şey şirkətin sosial şəbəkədə Rusiyanın xəritəsini dərc etməsindən sonra başlayıb.
Belə ki, "Vkontakte” sosial şəbəkəsində Coca-Cola-nın dərc etdiyi xəritədə Kalininqrad vilayəti, Kuril adaları və Krım yer almayıb. Bunun ardınca yaranan narazılıqlar fonunda şirkət səhvini düzəldib və sözügedən regionları Rusiyaya "qaytarıb”. Lakin məsələ bununla bitməyib. Belə ki, bu dəfə şirkət Ukrayna siyasilərinin qəzəbinə tuş gəlib. Poroşenko blokundan deputat Mustafa Nayem və millətçi Oleq Tyaqnibok öz facebook səhifələrində qəzəbli statuslar yazaraq insanları Coca-Cola-nı boykota çağırıblar, hətta daha da irəli gedərək, onun ölkədə satışının qadağan olunması təklifilə çıxış ediblər.