Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko alyansı Rusiya – Türkiyə qarşıdurmasında Türkiyənin tərəfini tutmaqda qınayıb. Baki-xeber.com bu barədə gazeta.ru saytına istinadən xəbər verir.
Xəbərə görə, Qruşko deyib ki, Türkiyənin Rusiya təyyarəsini vurmasını ittiham etmək yerinə alyans bu ölkəyə müdafiə qismində "bonuslar” ayırır. "Burada da "transatlantik həmrəyliyin” əsl siması özünü göstərir. Hərçənd, alyansda iddia edirlər ki, Türkiyənin təhlükəsizliyi məqsədilə sözügedən müdafiə tədbirlərinin görülməsi təyyarə olayından xeyli əvvəl planlaşdırılıb” – Qruşko bildirib. Onun sözlərinə görə, ümumilikdə təəssürat belədir ki, "alyans ölkələrinin regionda hərbi mövcudluğu ABŞ-ın başçılığı ilə orada fəaliyyət göstərən koalisiyaya adaptasiya olunur”.
Daha öncə Qruşko bəyan etmişdi ki, Şimali Atlantika Alyansının rəhbərliyi təyyarə olayının ardından Türkiyənin "məsuliyyətsiz addımının ” bütün üzv ölkələrdə nəticələrini göstərəcəyi barədə xəbərdarlıq alıb.