Rusiya XİN Moskvanın Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşdırılmasına vasitəçi ola biləcəyini bəyan edib. Bu barədə RİA”Novosti” RF XİN-in yüksək səviyyəli mənbəsinə əsasən bildirir.
Diplomatın sözlərinə görə, Moskva həm Tehran, həm də Ər-Riyadla dost münasibətlərə malikdir və bu ölkələr arasında münasibətlərin normallaşmasında vasitəçi missiyasını üzərinə götürməyə hazırdır. "Biz bu məqsədlə hər iki ölkə nümayəndəsinin Rusiya ərazisində görüşünün təşkil olunmasını təklif etmişik” – diplomat deyib.
Bu arada Belarus da Moskva və Ankara arasında yaşanan gərginliyin aradan qaldırılmasına öz dəstəyini təklif edib. Belarusun "Birinci kanal”ına müsahibəsində bu ölkənin XİN başçısı Vladımır Makey rəsmi Minskin iki ölkə arasında münasibətlərin tənzimlnməsinə maksimum dəstək göstərməkdə maraqlı olduğunu bildirib. Makey deyib ki, Belarus vasitəçilik təklif etmir, lakin "Ukraynada etdiyimizi burada da etməyə hazırıq”. Belarus XİN başçısının sözlərinə görə, ölkə prezidenti Aleksandr Lukaşenko məsələ ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsən əlaqə saxlayıb. "Bildiyim qədər, prezidentimiz mövzu ilə əlaqədar Ərdoğanla Türkmənistanda müzakirə aparıb. Eyni zamanda o, Vladimir Putinlə də danışaraq məsələyə öz münasibətini ifadə edib” – Makey bildirib. Rəsmi Belarusun fikrincə, "bir-birilə sanksiya dilində danışmaq məsələnin çözüm yolu deyil” və "gec-tez” Moskva ilə Ankara arasında münasibətlər yoluna qoyulacaq.
Baki-xeber.com