Birləşmiş Ərəb Əmirlikləri İranla diplomatik əlaqələrinə məhdudiyyət qoyduğunu açıqlayıb və bu ölkədəki səfirini geri çağırıb. Baki-xeber.com-un lenta.ru saytına istinadən xəbərinə görə, bu barədə sözügedən ölkənin xarici işlər nazirliyi bəyanat yayıb.
"Bu qeyrı-adi addım İranın Fars körfəzi ölkələrinin daxili işlərinə qarışmasına cavab olaraq atılıb. Bu tendensiya son dövrlər arzuolunmaz həddə çatıb” – deyə açıqlamada bildirilir.
BƏƏ xarici siyasət idarəsindən xüsusi olaraq vurğulayıblar ki, "ölkələr arasında pozitiv münasibətin əsasında bir-birinin suverenliyinə hörmət və daxili məsələlərə qarışmamaq niyyəti durmalıdır”.
Qeyd edək ki, sözügedən münaqişə ilə bağlı Avropa ölkələri də artıq narahatlıq bildirib. Fransa dövlətinin rəsmisi Stefan le Fol Parisin İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normal məcraya dönməsində maraqlı olduğunu açıqlayıb. Oxşar bəyanatla rəsmi Berlinin təmsilçisi Ştefan Zaybert də çıxış edib və hər iki ölkənin münasibətlərin yoluna qoyulması üçün bütün mümkün vasitələrdən istifadə etməli olduğunu deyib.
Ən əsası odur ki, baş verənlər az əvvəl Səudiyyə Ərəbistanının təklifilə yaradılan İŞİD-ə qarşı İslam ölkələri koalisiyasının fəaliyyətə keçmədən dağılmasına aparır.