ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp prezident Obamanı və eks dövlət katibi Hillari Klintonu İŞİD-i yaratmaqda ittiham edib. Baki-xeber.com bu barədə Eurasia Daily-yə istinadən xəbər verir.
Xəbərə görə, Associated Press agentliyi Trampın çıxışından bir hissənin videorolikini You Tube-a yerləşdirib. "İŞİD-i onlar yaradıb. Klinton onu Obama ilə birgə yaradıb. Obama ilə yaradıb” –Tramp bəyan edib. Xanım Klintonun 2009-2013-cü illərdə Klintonun dövlət katibi postunu tutduğunu xatırladan Tramp "ərəb baharı”nın məhz bu arada alovlandığını bildirib. Deyib ki, bunun ardınca Liviya, sonra isə Suriya böhranı başladı.
Qeyd edək ki, buna qədər də Trampla Klinton arasında əsəbi polemika yaşanıb. 19 dekabrda Klinton Trampı müsəlmanlara qarşı mövqeyinə görə ittiham edib. Bildirib ki, müsəlman miqrantların ölkəyə girişinə qadağa qoyulmasına çağıran Tramp bununla İŞİD-ə xidmət edir.
Öz növbəsində Tramp isə Klintonu yalançı adlandırıb və bildirib ki, onun əlində dediklərini sübuta yetirəcək heç bir fakt yoxdur. Lakin bu zaman özünün əlində xanım Klintona yönəlik ittihamlarını sübut edəcək hansısa faktın olub-olmadığına dair heç bir fikir bildirməyib.