Səudiyyə Ərəbistanında şiə müctəhidin edam edilməsi regionda onsuz da gərgin olan vəziyyəti pik həddinə çatdırıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, narazı şiələr Səydiyyə ərəbistanının Tehrandakı səfirliyi önünə toplaşaraq binaya od vurublar.
İranın İRNA agentliyi xəbər verir ki, Ayətullahın edamına etiraz edən kütlənin qarşısını kəsmək mümkün olmayıb və onlardan bir neçəsi binaya daxil olaraq yanğın törədib. Vəziyyətə güc qüvvələri müdaxilə edib və etirazçıları binadan çıxarıb. Lakin hüquq-mühafizə orqanlarının səyinə baxmayaraq, narazı kütləni binanın ətrafından tam dağıtmaq mümkün olmayıb.
ABŞ Dövlət Departamenti situasiyadan narahatlığını bildirib. Qurumun daxili siyasət idarəsinin bəyanatında Səudiyyə Ərəbistanında yuridik prosedurlardan narahatlıq ifadə olunur və Krallıq insan hüquqları və məhkəmələrin şəffaflığının təmin olunmasına çağırılır.