Hindistanın Pakistanla həmsərhəd Pəncab əyalətində yerləşən Hərbi hava Qüvvələrinə məxsus baza sözügedən ölkə istiqamətindən terror hücumuna məruz qalıb. Baki-xeber.com EurAsiya Daily-yə istinadən xəbər verir ki, 2 nəfərin həlak olduğu qarşıdurmada 4 terrorçu məhv edilib. Hindistan tərəfinin qələbəsilə başa çatan döyüşdə təyyarə və helikopterlərə ziyan dəyməyib.
Xəbərə görə, hücum edənlər yaxşı təlim görmüş hərbi geyimlilər olub. Polis maşınında hərəkət edən dəstə üzvləri АК-47 avtomatları ilə silahlanıblar. Onlarla atışmaya bazanı mühafizə edən 50 hind milli qvardiyaçısı cəlb olunub.
Yerli sakinlərin sözlərinə görə, terrorçuların istifadə etdiyi polis maşını polis rəisinə məxsus olub və bir gün öncə qaçırılıb. Onlar maşınla bərabər bir kişini də oğurlayıblar və onlara sürücülük etməyə məcbur ediblər, sonra isə boğazını kəsiblər. Lakin kişi təsadüf nəticəsində sağ qalıb və ifadə verə bilib. Mətbuat yazır ki, terrorçular Hindistan ərazisinə Pakistanın Bahavalpur şəhərindən keçiblər. Ehtimal ki, onlar "Ceyş-əl-Muhamməd” qrupunun üzvləridir. Məqsəd isə iki ölkə arasında isinməkdə olan münasibətləri yenidən gərginləşdirməkdir. Qeyd edək ki, 10 illik fasilənin ardından bu yaxınlarda Hindistan dövlət başçısı Pakistana rəsmi səfər edib.
"Ceyş-əl-Muhamməd” qruplaşmasına gəldikdə, bu terrorçu təşkilat Mövlan Məsud Əzhar tərəfindən yaradılıb, Cammu və Kəşmir ştatlarında fəaliyyət göstərir. Qruplaşmanın törətdiyi ən səsli-küylü terror aktı 2001-ci ildə Hindistan parlamentinin binasına hücumu olub. Həmin hücum nəticəsində 10 nəfər həlak olmuş, daha sonra terrorun təşkilatçıları və icraçıları məhv edilmişdi.