"Financial Times” 2016-cı il üçün proqnozunu açıqlayıb. Baki-xeber.com RİA”Novosti”yə istinadən xəbərinə görə, FT ekspertləri Almaniyada Merkel siyasətinə qarçı üsyanların qalxacağını proqnoz edib. Eyni zamanda, miqrant böhranı fonunda Moskva və Vaşinqtonun Suriya razılaşmasını və neft bazarının durumunu şərh edib.
"Bəşər Əsəd hakimiyyətdə qalacaqmı” sualına nəşrin şərhçisi Rula Xələf müsbət cavab verib, lakin bildirib ki, onun səlahiyyətləri nominal xarakter daşıyacaq. Moskva ilə Vaşinqton arasında Suriya nizamlanması ilə bağlı plan 18 aylıq dövrü əhatə edir və Suriyada hakimiyyət dəyişikliyini nəzərdə tutur. Xələf güman edir ki, proses hamar keçməyəcək – ekspertin fikrincə, Bəşər Əsəd sona kimi hakimiyyət uğrunda savaşacaq.
Almaniyaya gəldikdə, qəzet analitiklərinin fikrincə, bu ölkənin siyasi həyatında böyük təlatümlər gözlənir. Məsələ burasındadır ki, xanım Merkel ölkəyə miqrant axınının məhdudlaşdırılacağını vəd edib, lakin bu vədin yerinə yetirilməsi müşkül görünür. "Bu məsələdə həlledici amil yerli hakimiyyət orqanlarının miqrant axınının önünü kəsə bilməməsini elan etməsi ola bilər. Daxildən gələn təhlükə isə Merkelin vəzifəsinin öhdəsindən gələ bilmədiyini sübut edə bilmək gücündədir”- qəzetin analitiki Gideon Rahman bildirib.
Qəzetin redaktoru Ed Kruks isə neft bazarını proqnoz edib. Onun sözlərinə görə, yeni il dünya neft bazarı üçün hamar keçməyəcək. Bunun bir səbəbi sanksiyalardan canını qurtarmış İranın bazara dönüşü olacaq. Lakin valyuta bazarındakı qeyri-stabillik bir sıra kompaniyaların layihələrini təxirə salmasına gətirəcək ki, bu da bazara təsirini göstərəcək. "Dünya iqtisadiyyatı resessiyaya yuvarlanmazsa, neft qiymətləri normal səviyyəsinə qayıda bilər”- ekspert ehtimal edir.