"Bloomberg” agentliyinin analitikləri Rusiya isteblişmentinin fəaliyyətini qiymətləndirib. Baki-xeber.com bu barədə gazeta.ru-ya istinadən bildirir.
Agentliyin sorğu ilə müraciət etdiyi analitiklər prezident Vladimir Putinin, baş nazir Dmitri Medvedyevin, Rusiya hökumətinin, Maliyyə Nazirliyinin və Mərkəzi Bankın fəaliyyətini analiz edib. Bu sırada "ən pis iqtisadçı” adını prezident Putin alıb. Belə ki, 22 nəfər respondentdən 27 faizi ona "F”(1) qiyməti verib. Daha 50 faiz sorğu iştirakçısı ona "D” və "C”, yəni "2” və "3” qiyməti verib. Rusiya prezidentinin fəaliyyətini yalnız bir nəfər "A”, yəni "5” kateqoriyasında qiymətləndirib.
"Rusiya iqtisadiyyatının əsas çətinliyi onun Ukrayna siyasəti üzündən üzləşdiyi sanksiyalarla bağlıdır”- deyə Swedbank AB-nin baş iqtisadçısı Nerricus Maçyulis bildirib.
Medvedyev Putindən cüzi fərqlə öndə yer alıb. Belə ki, onun iqtisadiyyatdakı fəaliyyətini analitiklər 3 balla qiymətləndirib. Maliyyə naziri Anton Siluanov bu sırada daha yaxşı nəticələrə sahib olub. Belə ki, rəyi soruşulanların 52 faizi ona "4” və "5”, 48 faiz "3” və "2” qiyməti verib.
Bu sırada ən yaxşı göstərici Mərkəzi Bankın işinə verilən qiymət olub. Belə ki, respondentlər, başda Elvira Nabiullina olmaqla, Mərkəzi Bankın fəaliyyətini yalnız "yaxşı” və "əla” olaraq qiymətləndirib.