"İslam dövləti” terrorçu qruplaşmasıın lideri Əbubəkr Əl-Bağdadi Rusiyanı "bu yaxınlarda görəcəyi” terrorla təhdid edib. Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, bu günlərdə yaydığı audiomüraciətdə o deyib ki, Rusiyanın aviazərbələri qruplaşmaya köklü ziyan vura bilməyib, hətta əksinə, onun sıralarını daha da möhkəmləndirib.
Bağdadi deyib ki, qruplaşmanı hədəf seçən ölkələr tezliklə "mücahidlərin ayaq səslərini eşidəcək”. "ABŞ, Aİ, Rusiya, yəhudilər və onların tərəfdarları, Allah bizə qələbə vəd edib və sizlərə qarşı vuruşmağı əmr edib. Tezliklə mücahidlərin ayaq səslərini eşidəcəksiz, çünki hər keçən gün biz sizə yaxınlaşmaqdayıq”- deyə tvitterdə yayılan audiomüraciətdə deyilir. Adıçəkilən ölkələrlə yanaşı, audiomüraciətdə Səudiyyə Ərəbistanının da ünvanına təhdidlər səsləndirilir. Bu isə onun müsəlman ölkələrindən ibarət antiterror koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış etməsilə əlaqədardır.
Al-Hayat Media Center portalında yer alan video müraciətində isə terrorçu qruplaşma ruslara "çox tezliklə” hədələrinin həyata keçəcəyini vəd edir. Videoda rus dilində mahnının müşayiətilə əsirlərin qətlə yetirilməsi və terrorçuların hücumlarını əks etdirən görüntülər yer alır.