Artıq xəbər verildiyi kimi, manatın növbəti devalvasiyasından sonra "Naxçıvanbank” ASC banka dollarla kredit borcu olanlarla bağlı güzəşt tətbiq edib. Həmin güzəştə görə, borclu şəxslər banka aylıq ödənişlərini son devalvasiyadan öncəki məzənnə ilə - 1.05 manatla ödəyəcək. İctimaiyyət tərəfindən razılıqla qarşılanan bu qərar digər banklara da örnək göstərildiyi zaman Mərkəzi Bankın məsələyə münasibəti özünü çox gözlətməyib və MB-nin açıqlamasında bunun mümkün olmadığı göstərilib. Bildirilib ki, "Naxşıvanbank”ın xarici valyutada kredit portfeli cəmi 934 min ABŞ dollarıdır və 370 nəfəri əhatə edir. Mərkəzi Bankın xarici valyutada kredit portfeli isə 2 milyard dollar təşkil etdiyindən, bu üsulun tətbiqi mümkün deyil.
Məsələyə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev də münasibət bildirib. Elə əsl anlaşılmazlıq da bundan sonra ortaya çıxıb. Belə ki, Z.Nuriyev "Trend”ə açıqlamasında Mərkəzi Bankın mövqeyini şərh edərkən deyib ki, MB-nin xarici kapitalda kredit portfelinin həcmi 4,2 milyard (!) dollar təşkil etdiyi üçün o, "Naxçıvanbank”ın atdığı addımı ata bilməz.
Göründüyü kimi, Elman Rüstəmovun açıqlamasında 2 milyard göstərilən məbləğ Zakir Nuriyevin açıqlamasında iki dəfədən çox artaraq 4,2 milyard olub. Maraqlıdır, Elman Rüstəmov doğru deyir, ya Zakir Nuriyev?
Baki-xeber.com