Rusiya prezidenti Vladımır Putinin xüsusi nümayəndəsi Aleksandr lavrentyevin gizli missiya ilə İsrailə səfər etməsi barədə xəbər vermişdik. Bununla bağlı yayılan xəbərlərdə söhbətin əsas mövzusunu Suriya məsələsinin təşkil ediləcəyi ehtimal olunsa da, onun hansı istiqamətdə aparıldığı bəlli deyildi. Bu gün isə Rusiya mətbuatında daha bir ehtimal kimi Rusiyanın Suriyadan çəkilə biləcəyinin İsraillə müzakirə olunduğu versiyası irəli sürülüb.
Bilindiyi kimi, İsrail Suriya münaqişəsinə birbaşa müdaxilə etmir, lakin bu münaqişənin özünün Suriya ilə sərhədində yerləşən, hazırda dondurulmuş vəziyyətdə olan Qolan yüksəklikləri münaqişəsini yenidən qızışdıracağından ehtiyat edir. "Haaretz”-in xəbərinə görə, İsrail diplomatları görüş zamanı Rusiya tərəfinə Suriya münaqişəsinin çözümündə İsrailin mövqeyini açıqlamaqla yanaşı, həm də radikal şiə təşkilatı "Hizbullah”a silah verilməsinin qarşısını almağa çağırıblar. Məsələ burasındadır ki, "Hizbullah” Suriya ərazisində İranla birləşərək İŞİD-ə qarşı döyüşür. Bu isə İranla da münasibətləri kritik həddə olan İsrail üçün daha bir təhlükə deməkdir. Eyni zamanda İŞİD də İsrailə barmaq silkələməyə başlayıb. Belə ki, ötən şənbə terrorçu qrup Bağdadının səsi olduğu ehtimal edilən audioyazını internetə yerləşdirib. Mətndə deyilir:”Yəhudilər elə bilir biz onları unutmuşuq... Amma yox, biz Fələstini unutmadıq və heç zaman da unutmarıq”.
"Gulf State Analytics” qrupunun aparıcı analitiki Teodor Karasik isə bildirir ki, Rus nümayəndə heyətinin İsrail səfəri "müxtəlif oyunçuları Rusiyanın Suriya planları daxilində tutmaq” cəhdidir. Lakin o da var ki, son zamanlar Qərb mətbuatı Rusiyanın artıq Suriyadan çəkilmək fikrində olduğundan yazır. Sübut kimi isə Putinin bu yaxınlarda səsləndirdiyi "Rusiya Suriyada tam hüquqlu bazalarının olmasında bir o qədər də maraqlı deyil. Ehtiyac olduğu təqdirdə biz münaqişə regionlarına texnikamızı nəqliyyat aviasiyası ilə də daşıya bilərik” sözlərini göstərirlər. Rusiya Şərqşünaslıq institutunun elmi işçisi Vladimir Əhmədov isə bu fikri davam etdirərək deyib:”Biz gücümüzü nümayiş etdirdik, Latakiyaya və Dəməşqə gedən koridorları təmizlədik, artıq döyüş meydanında tək qalmaq fikrimiz yoxdur. Əməliyyatdan çıxmağımız vacibdir ki, simamızı itirməyək”. Politoloqun fikrincə, real uğur qazanmaq üçün Rusiya yerüstü əməliyyatlara başlamalıdır, buna isə hələlik nə o, nə də digərləri qərar verə bilir.