Rusiya prezidentinin Suriya tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev İsraildə yüksək çinli rəsmilərlə Suriya böhranını müzakirə edib. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə İsrailin "Haaretz” qəzeti yazıb.
Xəbərə görə, Lavrentyevin başçılıq etdiyi nümayəndə heyətini İsrail baş nazirinin müavini Yossi Cohen qəbul edib. Görüşdə İsrail tərəfi dünya liderlərinin Suriya üzrə gələcək razılaşmaları barədə fikir bildirib, qeyd edib ki, Təl-Əviv üçün əsas olanı İsrail ərazisində terrora yol verməmək və Suriyaya Livan təşkilatı "Hizbullah”ın silah transferinin qarşısını almaqdır.
Nəşrin xəbərinə görə, Rusiya nümayəndə heyətinin ölkəyə gəlişi gizli saxlanıb. XİN və baş nazirin ofisi isə məsələni şərh etmək istəməyib.
Xəbərdə o da qeyd olunur ki, bu görüşdən iki gün öncə Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Danışıq zamanı əsasən Suriya böhranı müzakirə olunub. Rusiya prezidentinin mətbuat xidmətindən bildirildiyinə görə, telefon əlaqəsi İsrail tərəfinin təşəbbüsü ilə baş tutub. Danışıqlar zamanı Putinin "İslam dövləti” və regiondakı digər terror təşkilatlarına qarşı BMT-nin himayəsi altında barışmaz mübarizənin alternativi olmadığını vurğuladığı bildirilir.
Bu arada Misir dövlət başçısının dəftərxanasından da bildirilib ki, prezident Abdel Fəttah Əl-Sisi Putinin xüsusi nümayəndəsi Lavrentyevlə İŞİD-ə qarşı dünya dövlətlərinin mübarizəsini müzakirə edib.