Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın İŞİD-ə qarşı mübarizə üçün yaratdığı koalisiyaya qoşulmaqdan imtina etdiyini bəyan edib. Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, Türkiyə prezidenti "qanuni saymadığı ölkə başçısı ilə yanaşı oturmaq fikrində olmadığını” bildirib.
Bu barədə fikirlərini Rəcəb Tayyib "Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirib. O eyni zamanda deyib ki, "Yaxın Şərqin məzhəblər əsasında hissələrə bölünəcəyindən çox narahatdır”. Bu səbəbdən Türkiyə lideri Yaxın Şərq ölkələrini birləşməyə çağırıb:”Dünyada bizləri ayırmaq cəhdləri var. Baxın İraqda, Suriyada, Fələstində və Liviyada nələr baş verir – biz bu problemlərin qarşısını almalıyıq və bunu bacararsaq, islam dünyası daha güclü olacaq”. İraqda türk əsgərlərinin mövcudluğu ilə bağlı suala cavabında cənab Ərdoğan deyib ki, onlar İraq hökumətinin istəyilə hərbçilərə təlim keçmək üçün bu ölkədədirlər.
Qeyd edək ki, Türkiyə ordusu İÇİD-ə qarşı döyüşən kürd könüllü birləşmələrinə təlim keçmək məqsədilə dekabrın 4-də İraqın Neynəva əyalətinə daxil olub. Lakin Bağdad bunu narazılıqla qarşılayıb. İraq XİN və Müdafiə Nazirliyi isə Türkiyə hərbiyyəsinin burada mövcudluğunu ölkənin suverenliyinə müdaxilə kimi qiymətləndirib.