Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub. Baki-xeber.com-un bölgədən əldə etdiyi xəbərə görə, Vasif Talıbov xalqın rifahı naminə alqışlanası bir addım atıb.
Belə ki, müşavirədə ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb. Məsələ ilə bağlı Ali Məclis sədrinin tapşırığı isə çoxları üçün həm gözlənilməz, həm də sevindirici olub. Ali Məclis sədri göstəriş verib ki, Naxçıvanda banka ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilsin.
Çox böyük bir xeyriyyəçilik addımı olaraq dəyərləndirilən bu addım bir daha sübut edir ki, bu millətin Hacı Zeynalabdinləri hələ yaşayır. Bu həm də Azərbaycandakı digər banklara bir örnəkdir: xalqın rifahı naminə Prezidentin siyasətinə əsl xidmət belə olur, kredit borcu üçün insanları məhkəmələrdə süründürən bəzi bankların etdiyi kimi deyil!