Erməni mətbuatı Azərbaycanın guya "yalanını çıxaran” yazı dərc edib. Yazıda bildirilir ki, Azərbaycan mətbuatının ABŞ-ın Qarabağa yardımını dayandırması ilə bağlı yaydığı xəbər həqiqətə uyğun deyil. Müəllif sözünün doğruluğunu təsdiqləmək üçün Amerika Erməni Assambleyasına (Armenian Assembly of America, AAA) istinad edir və Assambleyanın da yardımın davam edəcəyini təsdiqlədiyini bildirir.
Qeyd edək ki, Azərbaycan mətbuatında 23 dekabr tarixində ABŞ prezidenti Barak Obamanın Konqresdə 2016-cı ilin büdcəsini təsdiq edərkən Dağlıq Qarabağa yardımın dayandırılması barədə sənəd imzaladığı bildirilmişdi. Nəzərə alsaq ki, bu xəbər çox ciddi agentliyimiz vasitəsilə yayılıb, onun yalan və ya yanlış olma şansı sıfıra bərabərdir. Sözügedən Assambleyanın icraçı direktoru Brayan Arduni bu xəbərin "sadəcə yalan” olduğunu bəyan edib. O deyib ki, Birləşmiş Ştatların Qarabağa yardımı davam edəcək və bu barədə o, sevinclə bəyan edir, üstəlik Konqresə bu məsələdə ardıcıllığı və prinsipiallığına görə təşəkkür edir.
Maraqlıdır, Konqres yalan danışır, yoxsa erməni? Nəzərə alınsa ki, erməni KİV-nin siyasəti yalan üzərində qurulub, onların çoxillik təcrübələrindən çıxış etdiklərinə təəccüblənmək lazım deyil. Yox, Konqres bu barədə aldadıcı mövqe tutubsa, buna da heyrətlənmək gərək deyil, çünki zatən onlar hər zaman Azərbaycana münasibətdə "dovşana qaç, tazıya tut” prinsipi üzrə hərəkət ediblər. Azərbaycana gəldikdə isə, bu deyilənlər yalnız nüfuzlu bir agentliyə qarayaxmadan başqa bir şey deyil Kimin haqlı olduğu isə çox yaxında ortaya çıxacaq. 2016-ya nə qaldı ki...