Türkiyənin Sankt-Peterburqdakı baş konsulluğunun qarşısında aksiya keçirilib. Baki-xeber.com-un Rusiya mətbuatından əldə etdiyi xəbərə görə, etiraz aksiyasını "Russkiy put” ictimai təşkilatı keçirib.
Etirazın məzmununa gəldikdə isə, nə qədər qəribə də olsa, bu, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağla bağlı olub. Belə ki, "BezFormata.ru” saytının xəbərinə görə, aksiya iştirakçıları Türkiyədən Dağlıq Qarabağ münaqişəsinə qarışmamağı tələb edib. Heç şübhə yoxdur ki, bir qədər araşdırılarsa, bu məsələnin arxasındakı erməni məkri özünü büruzə verəcək. Hərçənd, aksiya keçirən təşkilatın rəhbəri Vyaçeslav Dobroxotov mətbuata açıqlamasında bunu gizləməyə çalışır və məsələni konflikt tərəflərinin çözməli olduğunu deyib. "Biz düşünürük ki, Qarabağ probleminin Türkiyəyə heç bir dəxli yoxdur və münaqişə diplomatik yolla həll olunmalıdır. Azərbaycanlılar və ermənilər öz aralarında özləri dialoq qurmalıdırlar” – deyə o bildirib. O halda maraqlıdır, bəs Rusiya Suriyada nə axtarır? Yoxsa özündə çözümünü gözləyən konflikt yoxdur? Məsəla, Ukrayna. Rusiya bu ölkə ilə öz arasında qan-qada ilə müşayiət olunan və çözümünü gözləyərkən daşa dirənmiş konflikti hansısa yolla həll etmək əvəzinə niyə Suriyanı, dolayısı ilə Əsədi "qurtarmağa” qərar verdi? Hər halda, aksiyaçılara bu sual verilməliydi...